Elm xəbərləri

yerYerdəki ən böyük meteorit kraterinin Avstraliyada olduğu kəşf edilmişdir

Endryu Qliksonun (Andrew Glikson) rəhbərliyi ilə Avstraliya Milli Universitetinin əməkdaşları Avstraliyanın Kvinslend, Cənubi Avstraliya və Şimal Ərazi ştatlarının sərhədlərində geotermik aktivliyin planlı tədqiqatını aparmışlar. Bu məqsədlə 3 km dərinlikdə qazıntılar aparılarkən güclü zərbənin təsirindən şüşəyə çevrilmiş dağ süxurlarının izlərinə rast gəlmişlər.

Sonrakı tədqiqatlarda bu nahiyədə zərbənin təsirindən eni 190 km olan və 30 km dərinliyə qədər nüfuz etmiş iki kraterin mövcudluğu aşkara çıxarılmışdır.

Zərbənin təsir dairəsi ümumi olaraq 400 km təşkil edir. Bu da alimlər tərəfindən bəzi növ canlı növlərinin, o cümlədən dinozavrların kütləvi tələfinə səbəb olduğu hesab edilən Meksikanın Yukatan yarımadasına düşmüş asteroidin zərbəsindən yaranmış Çiksulub kraterindən azı 4 dəfə böyükdür.

Alimlər hesab edir ki, Avstraliyada bu krateri əmələ gətirmiş asteroid 10 km diametrə malik olmuşdur və yerə düşməmişdən qısa müddət əvvəl iki hissəyə parçalanmışdır. E.Qlikson “The Guardian”a belə bildirib: “Bu həmin zamanda yaşamış bir çox canlı növünün sonunu gətirə bilərdi. Toqquşma dövrünə uyğun gələn tələfolmanı müəyyən edə bilmədiyimizdən bu, bizim üçün sirrdir”. Asteroidin toqquşması ilə növlərin kütləvi tələfi arasındakı əlaqəni müəyyən etmək üçün isə ilk növbədə düşmə tarixi dəqiqləşdirilməlidir.

Qeyd edək ki, tədqiqatların nəticələri ətraflı olaraq “Tectonophysics” elmi jurnalında dərc edilmişdir.

Alimlər: neandertallar bəzək əşyaları taxırdılar

Ən son tədqiqatlar nəticəsində artıq məlum olmuşdur ki, təxminən 30-200 min il əvvəl yaşamış  “neandertal” adlandırılan qədim insanlar nitqə sahib idilər, rəsmlər çəkirdilər, ölülərini dəfn edirdilər, əmək alətləri, silahlar düzəldirdilər.

Ən son tapıntılardan biri də 130 min il yaşında olan boyunbağıdır. Ağquyruq dəniz qartalının caynaqlarından hazırlanmış bu qədim boyunbağı bir daha sübut etdi ki, neandertallar inkişaf etmiş  yaradıcı insanlar olublar.  Xorvatiyanın Krapina rayonundan tapılmış bu arxeoloji tapıntı elmə 100 ildən çoxdur məlum olmasına baxmayaraq, üzərində ətraflı tədqiqatlar bu yaxınlarda aparılmağa başlanılmışdır.

Hazırda Kanzas Universitetinin Antropologiya fakültəsindən amerikalı antropoloq Devid Freyerlə (David Frayer) birgə Xorvatiyanın Zaqreb Təbiət Elmləri Muzeyinin və Dördüncü Dövr Paleontologiya və Geologiya İnstitutunun əməkdaşları tərəfindən boyunbağı üzərində araşdırmalar və analizlər davam etdirilir.

Kanzas Universitetinin rəsmi saytında yerləşdirilmiş xəbərdə bildirilir ki, boyunbağı üzərində aparılmış ən son tədqiqatlar onun neandertallar tərəfindən hazırlandığını sübut etməklə yanaşı, tapılmış hissələrin eyni boyunbağıya aid olduğu da təsdiq edilmişdir.

“The Daily Mail” xəbər portalında alimlərin məlumatına əsasən, qədim boyunbağı səkkiz qartal caynağından ibarət olduğu bildirilir. Onlardan dördü çərtilmiş, üç ən böyük olan caynağın enli hissəsində isə kiçik kəsiklər vardır. Tədqiqatçılar bu kəsiklərin caynaqlarda cilalama işlərinin aparıldığını göstərdiyini bildirmişlər.

Doktor D.Freyer: “Bu, doğrudan da, əla  və gözlənilməz tapıntıdır. Bu, o qədər gözlənilməz və heyrətamiz haldır  ki, indiyə qədər tapılan əşyaların içərisində belə dəyərli bəzək əşyası olmayıb”, -deyərək öz heyranlığını bildirmişdir.

Bununla yanaşı, arxeoloqlar caynaqları əldə etmək üçün neandertalların ağırlığı 6 kq və qanad açıqlığı 2 metrə çatan yırtıcı quş olan ağquyruq dəniz qartalını necə ovladığı sualına cavab tapmaqda acizdirlər. Axı bu quşu ovlamaq üçün  ibtidai hesab olunan neandertallar üçün xüsusi məharət tələb edir!

Kanzas Universitetinin rəsmi saytındakı xəbərdə doktor D.Freyerin bu tədqiqatların nəticələrinə işarə etdərək: “Neandertalların, adətən, küt, boş-boş deyinən, yöndəmsiz və sərsəm olduqlarını düşünürlər. Amma biz onlar haqqında nə qədər çox məlumatlanırıqsa, bir o qədər də onların inkişaf etmiş olduqlarına şahid oluruq”, – qeyd etdiyi bildirilmişdir.

Araşdırmaların nəticələri “PloS One” elmi jurnalında (www.plosone.org) dərc edilmişdir.

Günəş batareyası ilə işləyən təyyarə ilk dəfə dünya səyahətinə çıxacaq

Solar Impulse 2 adlı günəş batareyaları ilə işləyən təyyarə bu ilin mart ayında aviasiya sahəsində rekord sayılacaq dünya səyahətinə çıxmışdır. Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi hava limanından uçuşa başlamış bu unikal təyyarə Omanın paytaxtı Məsqət şəhərinə müvəffəqiyyətlə eniş etmişdir. Bu barədə BBC məlumat verdi. Növbəti mərhələdə Hindistana qədər uçuş nəzərdə tutulmuşdur. Ümumiyyətlə dünya səyahəti zamanı təyyarənin 5 ay ərzində 35 min km məsafə qət edəcəyi gözlənilir. Səyahətin marşrutu mürəkkəb trayektoriyaya malikdir: Ərəbistan dənizindən Hindistana, Myanmaya, Çinə və Sakit okeana. Daha sonra Atlantik okeanını keçərək Cənubi Avropa və Şimali Afrikaya istiqamətlənəcək.

Təyyarənin pilotları ekoloji cəhətdən təmiz olan texnologiyaların iki isveçrəli həvəskar: ixtisasca mühəndis və hərbi pilot olan Andre Borşberq (Andre Borschberg) və hava şarında uçuşları ilə tanınan Bertran Pikkardır (Bertrand Piccard).

Solar Impulse 2 qanad açıqlığı 72 metr və çəkisi 2,3 ton olan unikal təyyarədir. Təyyarədə ümumi çəkisi 633 kq olan günəş enerjisini toplayan 17 min ədəd akkumlyator batareyası  quraşdırılmışdır. Bu batareyalar sayəsində 4 elektromühərrik hərəkətə gətirilir. Gün ərzində enerji toplayaraq gecə vaxtı belə uçuş həyata keçirə bilir.

Advertisements

Oktyabr 2, 2015 tarixində Düşünən İnsan №38, Düşünən İnsan(Hamısı) içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: