Hər tərif Allah’adır

sozHər gözəlliyin, hər nemətin əsl sahibi Allah’dır. Ona görə, gözəlliyə tərif dedikdə nemətin mənbəyinə, əsl sahibinə yönəlmək lazımdır. “Ya Rəbbim, Sən nə gözəl yaradıbsan, bütün təriflər Sənədir”, -deyilməlidir.

Gözəllik insana zövq, xoşbəxtlik, rahatlıq verən nemətdir. İnsanlar həyatın hər mərhələsini bu neməti əldə etmək arzusu ilə, xoşlarına gələn gözəlliklərə uyğun olaraq tənzimləyirlər. İnsanların gözəlliyə meyli, bu nemətə bağlılığı əvəzedilməzdir. Seçim etməli olan insan həmişə ən gözəli seçir. Heç kim xoşuna gəlməyən, bəyənmədiyi çirkin şeyi seçməz və istəməz. Çünki insanın ruhu gözəl görüntülərdən, gözəl əxlaqdan, gözəl sözdən zövq alacaq şəkildə yaradılmışdır. İnsanların gözəlliyə bu qədər istəkli olmasının səbəbi ruhlarındakı gözəlliyi əldə etmə arzusunu reallaşdırmaqdır. Qırmızı gül, ağ zanbaq, parıltısı ilə göz qamaşdıran cavahirat, gözəl at, gözəl bağ, gözəl ev, gözəl avtomobil, gözəl uşaq və ya gözəl bir üz… Bunları görən insanın içində gizli də olsa, bu gözəlliklərə sahib olmaq,  heç olmasa baxaraq və ya bir dəfə də olsa, istifadə edərək bunlardan faydalanmaq arzusu olur. Quranda bu istəkdən qaynaqlanan sahiblənmə hissinin dünya həyatında bir imtahan olaraq insanlara cəlbedici göstərildiyi xəbər verilmişdir:

Qadınlar, uşaqlar, qızıl-gümüş yığınları, yaxşı cins atlar, mal-qara və əkin yerləri kimi nəfsin istədiyi və arzuladığı şeylər insanlara gözəl göstərilmişdir. Bunlar dünya həyatının keçici zövqüdür, gözəl dönüş yeri isə Allah yanındadır. (Ali-İmran surəsi, 14)

Allah kainatın hər guşəsini gözəlliklərlə bəzəmişdir

Sonsuz elm və qüdrət sahibi olan uca Allah insanları gözəlliyə sövq edən istəklərinə asanlıqla nail olmaları və zövq almaları üçün kainatın hər guşəsində Cəmil (gözəl), Müsəvvir (təsvir edən, forma və surət verən), Sani (sənətkar) və Bədi (yoxdan yaradan) isimləri ilə təcəlli edir. Məsələn, günəş doğduqda səmada əmələ gələn mənzərədə Allah’ın Sani isminin təcəllilərini seyr edirik. Kəpənəyin qanadlarındakı qüsursuz simmetriya Allah’ın Müsəvvir, yəni təsvir edən, forma verən isminin təcəllisidir.

Ehtişam və qüdrətindəki gözəlliklə kainatın, qalaktikaların, planetlərin, canlıların, hətta hüceyrənin belə olmadığı zamanda: “Ol!” -deməsi ilə yaranan atomlardan, molekullardan, hüceyrələrdən, canlılardan, planetlərdən, ulduzlardan, qalaktikalardan ibarət sonsuz aləmi düşündükdə Allah’ın Bədi, yəni yoxdan yaradan isminin təcəllisinə heyran oluruq.

Çox gözəl insan üzü gördükdə bədəninin, gözlərinin gözəlliyinə, üzündəki simmetriyaya qarşı içimizdə heyranlıq hissi doğur, çünki Allah’ın Cəmil (gözəl) isminin təcəllisini bəyənirik. İnsan Allah’ın Öz ruhundan üfürərək yaratdığı varlıqdır. Gözəlliyi axtaran hər insan fərqinə varmasa da, əslində, Allah’ın bənzərsiz sənətindən, qüdrətindən, elmindən, gözəlliyindən ruhuna zövq verən neməti axtarır. Gözəllikdən alınan zövq də hz. Muhəmmədin (səv) “Allah gözəldir və gözəli sevir” (Tirmizi, Ədəb 41) hədisindən anladığımız kimi, Allah’ın bu xüsusiyyətinin qulundakı təcəllisidir. Allah gözəlliyi sevir, Onun ruhunu daşıyan qulları da gözəlliyi sevirlər.

Dünyadakı gözəlliklər tədricən məhv olur

Dünya həyatında bir insan gözəllikləri nə qədər arzulayıb əldə etməyə çalışsa da, əldə etdiyi bütün gözəlliklər dünya şərtləri altında xarab olmağa, köhnəlməyə, məhv olmağa məhkumdur. Ona görə, bəyənərək, öyünərək əldə edilən bütün gözəlliklər tədricən məhv olacaq. Məsələn, çox gözəl insanın gözəlliyi dərisi yaralanmadıqda və ya bir xəstəlik olmadıqda ən çox 15-20 il davam edir. Çox bəyəndiyi çiçək ən gec bir həftə sonra solur və əvvəlki gözəlliyini itirir. Ən davamlı materiallardan tikilən gözəl bir ev və ya avtomobil belə zamanla köhnəlib xarab olur.

Bir neçə nümunədən də göründüyü kimi, dünyadakı bütün gözəlliklər zamanla məhv olmağa məhkumdur. Yer üzündə zamanın məhv etmədiyi heç bir gözəllik yoxdur. Allah istəsəydi, sonsuz qüdrəti və elmi ilə əbədiyyən davam edən gözəlliklərlə dünyanın hər yerini bəzəyərdi. Ancaq imtahan üçün yaratdığı qullarının Onu tanımaları, əzabını və qüvvətini anlamaları, Cənnəti istəyib Cəhənnəmdən qorxmaları üçün yer üzünü acizlik və qüsurlarla dolu yaratmışdır.

Əsl həyatın dünyada olmadığını bilməyən bir çox insan gözəlliklərin ardınca qaçarkən hərisliklə boş yerə çalışırlar. Halbuki müvəqqəti gözəllik üçün bu qədər çalışmağın heç bir əsası yoxdur. Əgər bir insan rahatlığa, xoşbəxtliyə qovuşmağı çox arzulayır və bunu dünyada əldə edə bilmirsə, düşünməli və Cənnətdəki əbədi həyata qovuşmağın yollarını axtarmalıdır. Çünki insanın gözəllik istəyinə əbədi qovuşacağı yeganə yer Cənnətdir. Bu həqiqət Quranda belə xəbər verilmişdir:

…Orada sizin üçün nəfsinizin çəkdiyi, istədiyiniz hər şey vardır. (Füssilət surəsi, 31)

Nəfsin əldə etməyə çalışdığı gözəlliyin əsli dünyada yoxdur

İnsanın gözəlliyə düşkünlüyü nemətə sahib olduqdan sonra çox vaxt gözlənilən həzzi, xoşbəxtliyi vermir. Gözəlliklərin tədricən məhv olması buna səbəbdir, digər səbəb isə nəfsin bundan daha gözəlini axtarması və istəməsidir. Gözəl avtomobil alan bir insan daha gözəl avtomobillə, gözəl üzü olan bir insan daha gözəl üzlə, gözəl bağı olan bir insan daha gözəl bağla mütləq qarşılaşır və ya xəbərdar olur. Bu isə insanın – əgər iman gətirməyibsə – daha əvvəl gözəl deyə bəyənib aldığı bir şeydən əl çəkməsinə, artıq əvvəlki kimi dəyər verməyib yeni gözəlliyi arzulamasına səbəb olur.

Daha gözəlinə sahib olsa, yenə də bu proses yeni bir gözəlliyin üzə çıxması ilə daima dəyişərək davam edir. Əslində, nəfsin axtardığı şey qüsursuzluqdur. Nəfs Quranda “… Allah (onların) hamısına ən gözəl nemət vəd etmişdir…” (Nisa surəsi, 95) ayəsi ilə bildirilən və bütün nəfslərə vəd edilən gözəlliyin ardınca qaçır. Cənnətdə gözəlliyin insanlara vəd edildiyini bildirən bir ayə də belədir:

Allah mömin kişilərə və mömin qadınlara altından çaylar axan, içində əbədi qalacaqları cənnətlər və Ədn cənnətlərində gözəl məskənlər vəd etmişdir. Allah’ın razılığı isə daha böyükdür. Bu, böyük uğurdur. (Tövbə surəsi, 72)

Allah’ın insanları gözəllikdən zövq alacaq şəkildə yaratması çox böyük nemətdir. Allah’ın yaratdığı milyardlarla canlı arasından ancaq insan nemətləri dərk edərək yaşayır. Məsələn, heyvanlar qoxu bilirlər, ancaq dərk etmirlər. Yəni: “Bu, gözəl qoxudur”, -deyə düşünmürlər. Mexaniki yaşayırlar. Bir növ robot kimidirlər. Halbuki insan hər cür qoxunun fərqinə vararaq, düşünərək, seçərək zövq alır. Məsələn, qarpızın dadı, görünüşü, qoxusu insanın ruhunda müəyyən təsir yaradır.

Allah’ın nemətlərini düşünmək həm Allah’ın yaratma sənətini qavrayıb Allah qorxusunu, Allah sevgisini artırmaq üçün səbəbdir, həm də Allah’ın Cənnətdə möminlərə göstərəcəyi mükəmməl nemətlər üzərində düşünüb Cənnətə can atmaq üçün vəsilədir.

Əgər insan şüurlu şəkildə ətrafını müşahidə etsə, sahib olduğu bütün gözəlliklərin, xoşuna gələn hər şeyin Rəbbimizin ona lütf etdiyi nemət olduğunu görə bilər. Yediyi bütün qidalar, nəfəs aldığı təmiz hava, onu sevindirən bütün gözəlliklər, sağlamlığı və daha bir çox şey Allah’ın nemətidir. Allah bəxş etdiyi nemətlərin böyüklüyünü bir ayədə belə xəbər verir:

Əgər Allah’ın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir! (Nəhl surəsi, 18)

Advertisements

Oktyabr 2, 2015 tarixində Düşünən İnsan №38, Düşünən İnsan(Hamısı) içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: